Neftçalada vəzifəli şəxslər ölmüş vətəndaşların adına yardım alıblar

Respublika Baş Prokurorluğunun mətbuat xidməti daha bir korrupsiya faktı ilə bağlı məlumat yayıb. APA TV-yə daxil olan məlumatda bildirilir ki, Neftçala rayon İcra Hakimiyyəti başçısının Tatarməhlə inzibati ərazi vahidliyi üzrə nümayəndəliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Maliyyə Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb. Araşdırmalar zamanı sözügedən nümayəndəliyin vəzifəli şəxslərinin 2012-2013-cü illərdə vəfat etmiş şəxslərin adlarının dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək yardım siyahılarına daxil edilərək onların plastik kartlarına vəsait köçürülməsində, vətəndaşların mülkiyyətində və icarələrində olan torpaq sahələri barədə müvafiq təsdiqedici sənədlər olmadığı halda və becərilmiş əkin yerlərinin sahələrinin sənədlərdə süni surətdə şişirtməklə əlavə yardım məbləğlərinin hesablanaraq artıq ödənilməsində və digər qanun pozuntularına yol verilməsi nəticəsində dövlətə 53.4 min manat məbləğində ziyan vurulmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci maddısi ilə, vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv