Kürdəmirdə yaşayış binasında yanğın olub
Kürdəmirdə 45 ailənin yaşadığı binada yanğın baş verib. APA TV-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində məskunlaşmış məcburi köçkün Azər Məhərrəm oğlu Mehdiyevə məxsus sahəsi 18 kvadratmetrlik 1 otaqlı ev əşyaları ilə birlikdə yanıb. Ev sahibləri işdə olduğundan hadisə barədə ilk olaraq qonşular xəbər tutub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yaşayış binasının qalan hissəsi yanğından mühafizə olunub. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Fakt araşdırılır.