Partlayış baş verən pansionatın dağıntıları altından 4 meyit çıxarılıb - REAL TƏLİM GÖRÜNTÜLƏRİ
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti , Xüsusi Riskli Xilasetmə və Mühafizə alayı, Kinoloji Tabor, Çevik Xilasetmə İdarəsi və digər xilasetmə qüvvələrinin təlimi keçirilib.
Xüsusi Riskli Xilasetmə Xidmətindən APA TV-yə verilən məlumata görə, təlimlərə rəhbərliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini-qərərgah rəisi, general-mayor Məhərrəm Həsənov edib.
Ssenariyə əsasən, Nardaran qəsəbəsində yerləşən pansionatın inzibati binasında yanğın və dağıntılarla müşayiət olunan partlayışlar baş verib. Ətrafda olan kiçik yaşayış binaları dağılıb.
Xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirildikdən sonra dərhal hadisə yerinə yollanıblar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilib və texnika-təhlükəsizlik qaydalarına tam riayət etməklə axtarış-xilasetmə əməliyyatlarına başlayıblar.
Xilasetmə və mühafizə qrupları zərərçəkmişləri təhlükəli ərazidən uzaqlaşdırıb, ərazi mühafizəyə alınıb, giriş çıxışlar məhdudlaşdırıb. Ərazidə fəaliyyət göstərən qüvvələr baş vermiş yanğınları söndürüb, dağıntılar altında qalmış cəsədləri çıxarıb, zərərçəkmişləri təxliyə edərək onlara ilk tibbi yardım göstəriblər. Bundan əlavə, pansionatın ərazisində yerləşən köməkçi binalardan birində partlayış təhlükəli əşya aşkar olunub və xidmətin pirotexnik və istehkam qrupu tərəfindən su topu vasitəsilə zərərsizləşdirilib. Baş vermiş fövqəladə hal (hadisə) zamanı xüsusi təlim görmüş itlərdən, pirotexnik qruplardan, xilasetmə alət və avadanlıqlarından geniş istifadə olunub. Nəticə etibarı ilə dağıntılar altından şərti olaraq 4 cəsəd çıxarılıb, 12 nəfər zərərçəkmişə ilk tibbi yardım göstərilib, 21 nəfər təxliyə olunub və 1 ədəd partlayış təhlükəli əşya aşkar olunaraq zərərsizləşdirilib.
Ümumilikdə təlimə Xüsusi Riskli Xilasetmə Xidmətinin 140 əməkdaşı və 17 texnikası cəlb olunub.