Putinin nümayəndəsi: "Orxan Zeynalovun əməlinin əvəzini niyə azərbaycanlılar ödəməlidir?"
“Azərbaycan tərəfinin son hadisələrlə bağlı narahatlığını anlayır və dəstələyirəm. Moskvada antiazərbaycan əhval-ruhiyyəsinin tüğyan etməsinə yol vermək olmaz”.
Bu fikirləri “Vesti.az” saytına verdiyi müsahibədə Rusiya prezidentinin şəxsi nümayəndəsi, politoloq Sergey Markov deyib. Politoloq bildirib ki, Orxan Zeynalovun milliyəti məsələsini qabartmaq lazım deyildi: “Niyə hansısa qatilin törətdiyi əməlin əvəzini azərbaycanlılar ödəməlidir?”
Sergey Markovun fikrincə, Azərbaycanla viza rejiminin tətbiqi ehtimalı sıfıra bərabərdir: “Rusiya prezidenti Vladimir Putin özü buna qarşıdır. Rusiyada bizim dövlətin pasportuna sahib təxminən bir milyon azərbaycanlı yaşayır, Eyni sayda da Azərbaycan pasportu daşıyan azərbaycanlılar var. Araşdırma zamanı məlum olub ki, azərbaycanlılar həmin pasportların bir hissəsini qanunsuz yolla əldə ediblər. Bunlar aldadılmış azərbaycanlılardır, onların heç bir günahı yoxdur. Rusiya vətəndaşlarının əksəriyyəti hesab edir ki, azərbaycanlı qeyri-leqal əmək mühacirləri bu statusu öz istəkləri ilə əldə etməyiblər. Onlar da fəaliyyətini leqallaşdırmaq istəyir, sadəcə mövcud sistem onları qeyri-leqal zonaya itələyir. Rusiyada azərbaycanlılara qarşı heç bir irad yoxdur, onlar işləyir və heç kimə mane olmurlar. ”
Sergey Markov Azərbaycanın Gömrük İttifaqına daxil olma şanslarını da dəyərləndirib: “Açıq deyim ki, mən bu ideyanın tərəfdarıyam və uzun illərdir bu ideyanı təbliğ edirəm. Lakin iqtisadi nöqteyi-nəzərdən Azərbaycanın Gömrük İttifaqına daxil olması üçün elə bir ciddi zərurət yoxdur. Gömrük İttifaqı məhsul istehsal edən, bazarlara çıxış axtaran ölkələrə lazımdır. Azərbaycan bu gün dünyaya neft və qaz satır. Öz neft-qazını satmaq üçün Azərbaycana Gömrük İttifaqının üzvü olmaq lazım deyil. Azərbaycan neftini almağa
hamı həvəslə razıdır”.