Dövlət Departamenti: PYD Suriya danışıqlarında tərəf olmalıdır
Suriyanın şimalında aktiv olan və Türkiyənin PKK terror təşkilatının qanadı kimi tanıdığı PYD ilə bağlı ABŞ-dan yeni bir açıqlama verilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Dövlət Departamentinin rəsmisi Mark Toner Suriya danışıqlarında PYD-nin də iştirakını vacib saydıqlarını deyib.
Toner PYD-nin İŞİD-ə qarşı mübarizədə son dərəcə mühüm rol oynadığını bildirib: "PYD Suriya müharibəsində əzmkarlığını ortaya qoymuş bir qrupdur. Sülh danışıqlarında onların iştirakı vacib olmalıdır".
Bununla yanaşı, ABŞ Xarici İşlər Nazirliyinin rəsmisi PKK-nı terror təşkilatı kimi tanıdıqlarını, lakin PYD-yə qarşı bu münasibətdə olmadıqlarını dilə gətirib. O, ölkəsinin PYD-yə silah yardımı etmədiyini, yalnız taktiki təlimlər keçdiklərini vurğulayıb.