Elnur Aslanov: "Ermənistan acınacaqlı vəziyyətini anlayacaq" - RƏSMİ MÖVQE

"ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşdə bir daha vurğuladılar ki, münaqişənin həllində Azərbaycan tərəfi konstruktiv mövqe ortaya qoyaraq danışıqların davam etdirilməsində və bölgədə sülhün, əmin-amanlığın yaranmasında maraqlıdır".

 

APA TV-nin xəbərinə görə, bunu Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. Ermənistan tərəfinin qeyri-konstruktivliklə bağlı ittihamlarına vacab verən Prezident Administrasiyası rəsmisi Ermənistanın müxtəlif dövlət rəsmiləri səviyyəsində dəfələrlə qeyri-konstruktiv mövqe ifadə etdiyini və bölgədəki siyasəti ilə bir xərçəng şişi rolunu oynadığını bildirib:

 

"Baxmayaraq ki, Ermənistan həm iqtisadi, həm də siyasi cəhətdən çox çətin bir vəziyyətdədir və özlərinin qeyri-ardıcıl siyasəti ilə həm Şərqi, həm Qərbi, həm də digər dövlətləri təəccübləndirməyə davam edir. Təbii ki, bu məsələlərdə biz Ermənistandan daha konstruktiv addımlar və rasional yanaşma gözləyirik. Güman edirik ki, həmsədrlərin bəyan etdiyi görüşdən sonra Ermənistan öz acınacaqlı vəziyyətini anlayaraq, bölgədə daha konstruktiv mövqe tutmağa çalışacaq".

 

Elnur Aslanov AŞPA müşahidəçilərinə qarşı səsləndirilən rüşvət ittihamlarını müxtəlif jurnalistlərin və media qurumlarının ortaya qoyduğu fikiri adlandırıb: "Hər halda burada söhbət yalnız Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı verdiyi qiymətdən getmir. Həm AŞPA, həm Avropa Parlamenti Azərbaycanda keçirilmiş seçkilərə çox müsbət qiymət verib və seçkilərin ən yüksək səviyyədə, şəffaf və demokratik şəkildə keçirildiyini bəyan edib. Bu baxımdan hər hansı qəzetlərin və ya jurnalistlərin mülahizələri təbii ki, mülahizə səviyyəsində də qala bilər".

 

Elnur Aslanov "Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyata başlayarsa, Ermənistanın Gümrü şəhərində yerləşən rus hərbi bazası bu münaqişəyə cəlb oluna bilər" bəyanatına da münasibət bildirib. O, bəyanatın müəllifi Andrey Ruzinskinin ifadə və fikirlərində müxtəlif ziddiyyətlər olduğunu deyib: "Bir tərəfdən həmin şəxs Azərbaycanın Dağlıq Qarabağ üzərində yurisdiksiyasından danışır və bununla Dağlıq Qarabağın Azərbaycana aid olduğunu vurğulamış olur, digər tərəfdən isə buna əks olan başqa sözlər söyləyir".

 

Elnur Aslanov öz şəxsi mülahizələri əsasında, rəsmi dövlət mövqeyinə zidd mövqelərdən çıxış edən heç bir şəxsin bizə maneçilik törədə bilməyəcəyini vurğulayıb.

Müəllif | Apa.Tv