Təhsil Nazirliyi: Qafqaz Universitetinin tələbələri digər ali məktəblərə yerləşdiriləcək

Qafqaz Universiteti bəyanat yayıb. Universitetin mətbuat  xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, Qafqaz Universiteti təsisçisi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin qərarı əsasında ləğv edilir.

 

Qeyd olunur ki, Qafqaz Universitetində hazırda tədris fəaliyyətləri fasiləsiz davam etdirilir, qış imtahan sessiyasının gedişində heç bir problem yoxdur. Universitet tələbələrinin təhsil hüquqlarının təmin edilməsi, təhsillərini uğurla davam etdirmələri baxımından heç bir problem yaranmayacaq. Tələbələrin və valideynlərinin narahatlığına heç bir səbəb yoxdur.

 

Qafqaz Universitetinin rektoru Havar Məmmədov da APA-ya açıqlamasında deyib ki, ləğvetmə prosesi zamanı tələbələrin və müəllimlərin hüquqları pozulmayacaq.

 

Təhsil Nazirliyinin Qafqaz Universiteti ilə bağlı yaydığı məlumatda isə bildirilir ki, universitetin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb, bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş edib.

 

Qeyd olunanları nəzərə alaraq, Təhsil Nazirliyi tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

 

Tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq, keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalması təmin olunacaq.

 

Tələbələrdən universitetdə fəaliyyət göstərən İşçi qrupla əlaqə saxlanılması xahiş olunur.

Müəllif | Apa.Tv