PA şöbə müdiri: "İslam dedikdə bəziləri dərhal terror düşünür"
"Bakıda Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər” mövzusunda beynəlxalq konfrans keçirilir".
APA TV-nin xəbərinə görə, konfransda çıxış edən Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, "ərəb baharı"nın həqiqətdə nə dərəcədə ərəb cəmiyyətlərinin demokratikləşməsinə səbəb yaratdığının müzakirə ediləcəyini deyib. Elnur Aslanovun fikrincə, “ərəb baharı”nın demokratikləşmə olduğunu deyənlər bir şeyi unutmamalıdır ki, demokratikləşmə həmin cəmiyyətin iqtisadi, siyasi, tarixi inkişafı ilə bərabər baş verməlidir. Prezident Administrasiyası rəsmisi islamofobiyanın müxtəlif cəmiyyətlərdə, ölkələrdə geniş yayılmasının təəssüf doğurduğunu, Azərbaycanın islamofobiyanın istənilən növünə qarşı hər zaman mübarizənin avanqardında olduğunu deyib:
"İslam dedikdə bəzi qüvvələr dərhal terror haqqında düşünür. Ancaq terrorun nə dini, nə də milləti var. Azərbaycan ən böyük terrorla üz-üzə qalan dövlətlərdən biridir. İslamla terroru eyniləşdirmək istəyən müxtəlif dövlətlər və müxtəlif qurumlar anlamalıdırlar ki, terror dedikdə daha çox separatçı, daha çox əsl terror mövqeyindən çıxış edən qüvvələr və dövlətlər haqqında danışmaq olar. Bu gün Ermənistan Azərbaycan torpaqlarını işğalı nəticəsində etnik təmizləmə siyasəti həyata keçirərək 1 milyondan çox insanı qaçqın həyatı yaşamağa məcbur edib".
Ərəb Dövlətləri Liqasının Türkiyədəki missiyasının rəhbəri Məhəmməd əl-Fəttah Nəsiri deyib ki, bu hadisələr bəşər miqyaslı olaylardır. Bir neçə ölkədə inkişafa, islahatlara yönələn çıxışlar sonradan silahlı toqquşmalara çevrilib. Onun fikrincə, demokratiyanı inkişaf etdirmədikcə əsl humanist inqilaba nail olmaq mümkün deyil. Məhəmməd əl-Fəttah Nəsiri "Ərəb baharı"ndakı çıxışların islahat yönümlü olduğunu, lakin bütün bunların dinc yolla deyil, silah gücü ilə çatdırıldığının təəssüf doğurduğunu bildirib.
SAM-ın direktoru Fərhad Məmmədov isə konfransın vacibliyinə toxunaraq, rəhbərlik etdiyi qurumun il ərzində ənənəvi olaraq bu cür araşdırmalar keçirdiyini söyləyib.
Tədbir sessiyalarda müzakirələrlə davam edəcək və noyabrın 8-də tamamlanacaq.