“Rəcəb İvedik-5” filmindən Azərbaycanla bağlı hissə çıxarıldı
Türkiyədə yayımlanacaq “Recep İvedik 5” filminin treylerindəki boks səhnəsi narazılıqlara səbəb olduqdan sonra filmin müəllifi Şahan Gökbaharı həmin hissənin filmdən çıxarıldığını bəyan edib. O, bunu yaydığı videomüraciətdə açıqlayıb.
“Mən filmlərimi gülmək və güldürmək üçün hazırlayıram. Həmişə belə etmişəm. Dolayısı ilə bir nəfər Azərbaycan türkü qardaşımın qeyri-məmnunluğu mənim könlümü yaralayar, mənim də xoşuma gəlməz. Məmnunluqla filmimdən bu səhnəni çıxarıram. Bu həm qardaşlığımın, dostluğumun mərd bir sübutu olsun, həm də pis niyyətlə filmin üzərinə getmək istəyən insanların oyunu pozulmuş olsun”.
Qeyd edək ki, Azərbaycan boksçusu ilə bağlı səhnə həm Azərbaycanda, həm də Türkiyədə etirazlara səbəb olmuşdu. Əksəriyyət belə hesab edirdi ki, filmdə Türkiyə-Azərbaycan münasibətlərinin ruhuna uyğun olmayan səhnələr var.
Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar filmin yaradıcı heyətini həmin səhnəni çıxarmağa çağırmışdı.
“Recep İvedik 5” filmi fevralın 17-dən ekranlara çıxacaq.