İmişlidə oğurlanan 3 kiloqram qızılın aqibəti - QIZILLAR BELƏ TAPILDI
İmişlidə qızıl mağazasından külli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qızıl-zinət əşyaları dəstə üzvlərinin həyətində torpaq altından çıxarılaraq maddi sübut kimi götürülüb.
Oğurluq hadisəsi 2016-cı ilin noyabr ayında gecə saatlarında törədilib. İmişli şəhərinin Qadir İsmayılzadə küçəsində yerləşən Aydın Həzi oğlu Əliyevin icarə əsasında işlətdiyi qızıl mağazası qarət edilib. Zərərçəkmiş şəxsin 3 kq qızıl-zinət əşyası oğurlanıb.
Hadisə ilə bağlı dərhal tədbirləri görülüb. Çox keçmədən, cinayəti törətməkdə təqsirli bilinən şəxslər - 1992-ci il təvəllüdlü, İmişli rayon Şahverdili kənd sakini Əmirov İsmayıl Eldar oğlu və həmkəndlisi, 1992-ci il təvəllüdlü İbrahimov Fərid Niyaməddin oğlu saxlanılıb. Məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq adı çəkilən mağazanın tavan hissəsini sındıraraq içəri daxil olub və oradan 3 kq qızıl-zinət əşyası aparıblar. Dəstə üzvləri oğurladıqları qızıl-zinət əşyalarının bir hissəsini satıb, qalanını isə həyətlərində torpağa basdırıblar.
Hadisəni törətməkdə təqsirli bilinən şəxslər əməllərini etiraf edib, peşman olduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi açılıb, istintaq işləri davam etdirilir.