İki böyrəyi sıradan çıxan gənc kömək gözləyir
Bəzən aldığımız üzücü xəbərlər nəinki 1 nəfərin, hətta bir ailənin həyatını da sual altında qoyur. Lənkəranlı 19 yaşlı Tural Məmmədova 4 ay əvvəl verilən xəbər də bütün ailəni sarsıdıb. Səhhətindəki problemlə bağlı həkimə müraciət edən ailəyə "oğlnuzun hər iki böyrəyində şişlər var, orqanda büzüşmə müşahidə olunur, təcili tədbirlər görülmədiyi təqdirdə nəticəsi ağır olacaq" xəbəri verilib.
APA TV-nin xəbərinə görə, Tural Məmmədov ailənin tək övladıdır. Bu yaşadək o da, hamı kimi məktəbə gedib, işləyib. Səhhətindən də heç bir narazılığı olmayıb. 4 ay əvvəl o, bədənində kəskin ağrılar hiss edib, hərarəti 40 dərəcədən aşağı düşməyib. Valideyinləri əvvəl bunu adi soyuqdəymə kimi dəyərləndiriblər. Ancaq ağrılar getdikcə şiddətlənib. İlk olaraq, Turalı Lənkəran Şəhər Diaqnostika Mərkəzinə aparıblar. Oradan bildiriblər ki, gənc oğlana təcili böyrək köçürülməlidir.
Həkimlər Tural Məmmədovun yaşamasına ümid olduğunu bildiriblər. Amma bu ümid İran, Türkiyə həkimlərinin köməkliyi ilə reallaşdırıla bilər. Bunun üçün də maddi vəsait və donor lazımdır. Anası deyir ki, özü də əməliyyat olunub, amma buna baxmayaraq, öz böyrəyini övladına verməyə hazırdır.
Tural Məmmədov da ümid edir ki, yardım edən tapılacaq, onun yaşaması mümkün olacaq