Şahid: “Gülər Əhmədova Sevinc Babayevanı zəhərləməyə cəhd etmişdi”

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Prosesdə şahid qismində ifadə verən Zərifə Cəbiyeva Gülər Əhmədovanı bacısı qızı Sevinc Babayevanı zəhərləməkdə ittiham edib: "Sevincin zəhərləndiyini eşitdim. Sevinc mənə danışırdı ki, restoranlardan birində Gülər Əhmədova ilə birgə nahar edib. Həmin vaxt yeməkdə başqa adamlar da olub. Deyiblər ki, Sevinc toyuq yeyir. Sevinc toyuğun acı daddığını görüb, ancaq utandığından tüpürməyib. Həmin gün evə gələndə yıxıldığını deyirdi. Bir müddət sonra isə Sevincin Türkiyəyə getdiyini eşitdim”.

 

Gülər Əhmədova isə Zərifə Cəbiyevanın ittihamlarını rədd edib: “Sən Sevinci bədbəxt elədin. Siz Sevincin yaşadığı kişilərin də başına oyun açmısınız. Siz Sevincdən istifadə etmisiniz. Sevinc kim idi ki, onu öldürsünlər?” Mən də anayam. Mən Ayxana sualların çoxunu ona görə vermədim ki, yetimdir, qapılarda böyüyüb, 40 kişiyə ata deyib. Mən Əzrail deyiləm, Sevinci mən öldürməmişəm”.

 

Prosesdə şahid qismində Sevinc Babayevanın bacısı Təranə Səfərova ifadə verib. Onun sözlərinə görə, yayda onlara gələn Sevinc Babayeva Gülər Əhmədova ilə balıq yediyini və zəhərləndiyini deyib: “Həkim də mənə dedi ki, bacımı zəhərləyiblər, 6 ay ömrü qalıb. Bir müddət sonra Sevinc Azərbaycanı tərk etməli olduğunu dedi və getdi”.

 

T. Səfərova Gülər Əhmədovanın suallarını cavablandırarkən ittihamı təkrarlayıb: “Sevinci sən zəhərləmisən. Tapşırmışdın ki, heç bir xəstəxanaya qəbul etməsinlər. Sən Elşadın pullarını alandan sonra varlandın. Səməd Vurğun bağında restoran, Qız Qalasının yanına hoteli nə ilə almısan? Hamısı Elşadın pulu ilə olub. Sənə nifrət edirəm”.

 

Müəllif | Apa.Tv
Apa.tv