Saxlanılan şəxs: "Tiryəki 9 min manata satmalıydım..."
Sabunçu RPİ-yə narkotik maddələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər barədə əməliyyat məlumatı daxil olub.
APA TV-nin xəbərinə görə, məlumatda Aslan Cəfərovda külli miqdarda narkotik vasitənin olduğu bildirilib.
Saxlanılan Aslan Cəfərov cinayətini etiraf edib: "Sabunçu rayon ərazisindən tapmışdım. Bir nəfərə satmışdım 20 manata. Özüm istifadə edənəm. Hardasa 1 kiloqram 500 qram heroin idi".
Aslan Cəfərovun narkotiki satdığı Elşən Məsimov elə iş başında yaxalanıb: "20 manata aldım, polis əməkdaşları məni tutdu".
Əməliyyat tədbirlərinin davamı olaraq Sabunçu RPİ 12-ci Polis Bölməsinin əməkdaşları E.Məsimova narkotik vasitəni satan həmyerlisi, əvvəllər məhkum olunmuş Aslan Cəfərovun yaşadığı evə baxış keçiriblər və külli miqdarda heroin onun mənzilindən aşkarlanıb.
Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməkdaşları isə Bakı şəhər sakini Kamil Məmmədovu 1 kiloqram 520 qram tiryəki 9000 manata satmaq istəyən zaman yaxalayıb: "Narkotik vasitəni 9 min manata satmalıydım. Bunun müqabilində mənə 500 manat qalacaqdı".
Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.