Ziyafət Əsgərov: "Rusiyada baş verənlər millətçi qüvvələrin oyunlarıdır"


"Rusiyada baş verən hadisələr hansısa millətçi qüvvələrin oyunlarıdır".
APA TV-nin xəbərinə görə, Milli Məclisin I-ci vitse-spikeri Ziyafət Əsgərov bu məsələlərin Kremldən yönləndirilməsi ilə bağlı səsləndirilən fikirlərlə qətiyyən razı olmadığını deyir: “Rusiya çoxmillətli dövlət olduğu üçün mən bu fikirlərlə qətiyyən razı ola bilmərəm. Əgər bu siyasət belə davam etsə, Rusiyanı çox böyük təlatümlər gözləyə bilər. Rusiyada qeyri-ruslara qarşı bu cür ağlasığmaz işgəncələrin verilməsi, onların döyülməsi, öldürülməsi, təhqir olunması bir qrup millətçi qüvvələrin işləridir. Hesab edirəm ki, buna da bir əncam çəkilər”.
 
Ziyafət Əsgərov, həmçinin Ermənistandakı 102-ci hərbi bazanın komandanı Andrey Ruzinskinin səsləndirdiyi son fikirlərə də münasibət bildirdi: “Bunların hamısı təxribat xarakterli bəyanatlar və məlumatlardır. Ona görə də mən bunları ciddi bəyanat kimi qəbul etmirəm”. Dağlıq Qarabağ torpaqları tarixən Azərbaycan ərazisidir. Azərbaycan günün birində öz ərazisini işğalçılardan təmizləməyə qalxsa və bu məqsədlə öz ordusundan istifadə etsə, bu prosesə 102-ci ordunun qarışması üçün daxili və ya beynəlxalq hüquqi əsas yoxdur”.
 
12 illik təhsilə keçiddən sonra oğlanların hərbi xidmət yaşının artırılması ilə bağlı məsələ barədsə danışan Ziyafət Əsgərov bildirdi ki, bununla bağlı yekun müzakirələrdə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi də iştirak edəcək. Onun sözlərinə görə, bu çox ciddi məsələdir və qarşılıqlı şəkildə müzakirə edilməlidir.

Müəllif | Apa.Tv
Apa.tv