Deyingən arvadını və özünü öldürdü - müəmmalı qətlin TƏFƏRRÜATLARI

 

 

Hacıqabulda  ər arvadını, sonra isə özünü güllələməsinin bəzi təfərrüatları məlum olub. Hacıqabul rayon prokurorluğundan APA TV-yə verilən məlumata görə, noyabrın 7-də rayonun Kolanı kəndində kənd sakini, 49 yaşlı Əlisahib Əliabbas oğlu Dəmirov ailə münaqişəsi zəminində həyat yoldaşı, 49 yaşlı Kafiyət Nüsrət qızı İsmayılovanı16 kalibrli ov tüfəngi ilə güllələyib. Əlisahib Dəmirov daha sonra silahla özünü vurub. Onların hər ikisi aldığı güllə yarasından hadisə yerində keçinib.

 

Prokurorluğun böyük müstəntiqi Vüqar Məlikov deyib ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Hər iki şəxsin meyiti Şirvan şəhər məhkəmə tibbi ekspertiza və pataloji anatomiya mərkəzinə müayinə olunub. Hər iki şəxsin ürəyindən güllə yarası aldığı müəyyənləşib.

 

Ölən şəxslərin qohumlarının bildirdiklərinə görə, Əlisahib Dəmirov əvvəllər Moskva şəhərində işləyirmiş. Sonradan Azərbaycana deportasiya olunan ailə başçısının qazanc yeri olmayıb. Maddi cəhətdən çətinlik çəkən ailədə tez-tez söz-söhbət düşürmüş. Evin xanımı Kafiyə İsmayılova hər gün ərinə artıq ovdan çəkməsini, işləmək lazım olduğunu deyirmiş. Sonuncu mübahisə noyabrın 7-də səhər saatlarında olub. Arvadının iradlarına dözməyən kişi əvvəlcə onu, sonra isə özünü güllələyib.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı