Obama Azərbaycan prezidentini təbrik etdi

ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda Obama İlham Əliyevi üçüncü müddətə Azərbaycan prezident vəzifəsinin icrasına başlamağı münasibətilə təbrik edib. ABŞ prezidenti bildirib ki, strateji tərəfdaşlıq üzrə önəmli məsələlərə dair müzakirələri davam etdirməyi səbirsizliklə gözləyir: "İyirmi ildən artıq davam edən ikitərəfli əlaqələrimiz regional sabitliyə mühüm töhfələr verib. Biz bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışlayır və tərəfdaşlığımızın gücləndirilməsinə, eləcə də ortaq çağırışlar üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiq qalırıq".

 

Obama bildirib ki, Amerika Birləşmiş Ştatları və Azərbaycan bir sıra məsələlər üzrə həm ikitərəfli şəkildə, həm də son zamanlarda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında yaxından əməkdaşlıq edir: "Biz, Əfqanıstanda tərəfdaşlığınızı və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlığımızı dəyərləndiririk. Biz, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanmasına nail olmaq məqsədilə tarixi fürsətdən yararlanmaq üçün Sizinlə əməkdaşlıq etməyə hazırıq və bu ayın sonlarında keçiriləcək görüş ilə bağlı Sizin və Prezident Sarqsyanın qərarını alqışlayırıq. Biz, Cənub Enerji Dəhlizinin inkişafının dəstəklənməsi, iqtisadiyyatın şaxələndirilməsi, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə təkan verəcək islahatların davam etdirilməsinə sadiq qalırıq".

 Obama əməkdaşlıq və tərəfdaşlığın tam potensialına nail olmaq məqsədilə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsində çox vacib olan demokratik proseslərin ölkəmiz tərəfindən gücləndiriləcəyinə ümidvardır. 

Müəllif | Apa.Tv
Apa.tv