Bakıda iki nəfərdən avtomat götürüldü
Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinin (PB) əməkdaşları Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Aqil Abbasovdan silah-sursat aşkar ediblər.
APA TV-nin xəbərinə görə, saxlanılan şəxs bildirib ki, “AKMS” markalı avtomat silahı, 26 ədəd patronu və 1 ədəd patron darağını zibillikdən tapıb: "Zibillikdən tapmışdım, aparıb gizlətmək istəyirdim, polis əməkdaşları məni tutdu".
Daha bir uğurlu əməliyyat-axtarış tədbiri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilib. Nəticədə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Fərəcullayevdən “AKS-74” markalı avtomat silah, 600 ədəd patron və 3 ədəd patron darağı aşkar edilərək götürülüb.