Akkreditasiyadan keçən müəllimlər DAHA YÜKSƏK ƏMƏKHAQQI alacaq

“Təəssüf ki, bu gün təhsil sistemində çalışanların çoxu müəllimlik peşəsinin məsuliyyətini dərk etmirlər və bu işə dırnaqarası yanaşırlar. Bu da son nəticədə, həm təhsil sisteminə olan inam və etimadın azalmasına səbəb olur həm də kadr hazırlığına mənfi təsir göstərir”.

 

Bunu APA TV-yə Təhsil Nazirliyinin texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov dedi. Onun sözlərinə görə, peşəsini yaxşı bilən mütəxəssislərlə yanaşı, işinin məsuliyyəti və tədris etdiyi ixtisas barədə geniş məlumata malik olmayan müəllimlərə də rast gəlinir. Bu da kadr hazırlığına mənfi təsir göstərir, dövlət vəsaitinin səmərəsiz xərclənməsinə səbəb olur. Onun sözlərinə görə, hazırda nazirlik tərəfindən pedaqoji heyət haqqında məlumat toplanır və  sistemləşdirilir. Bütün təhsil pillələri üçün akkreditasiya qaydaları müəyyənləşdirildikdən sonra layihə şəklində hökumətə təqdim olunacaq.

 

“Akkreditasiyanın keçirilməsində əsas məqsədimiz təkcə müəllimlərin pedaqoji və təhsil səviyyəsinin qiymətləndirilməsi deyil, bu, həm də gələcəkdə diferensiallaşdırılmış əmək haqqı sisteminin tətbiqi zamanı da faydalı olacaq. Bizim fikrimizcə, yaxşı mütəxəssis yaxşı əmək haqqı almalıdır və belə olduğu təqdirdə, akkreditasiyadan keçmək istəyən şəxslərin daha çox çalışması üçün stimul yaranacaq. Bu, onların yüksək əmək haqqı almasına yardım edəcək”.

 

Namiq Məmmədov bildirdi ki, akkreditasiya menecer bazasının yaranmasına da kömək edəcək. Belə ki, gələcəkdə akkreditasiyadan keçmiş ixtisaslı mütəxəssislər rəhbər vəzifəyə keçə biləcəklər.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova