Türkiyə XİN-dən təkzib: ERMƏNİSTANLA SƏRHƏDLƏRİ AÇMAYACAĞIQ

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Ləvənt Gümrükçü xarici işlər nazir Əhməd Davudoğlunun TBMM-də Ermənistanla sərhədi açmağa hazırlaşdıqları və Azərbaycanı buna razı salmağa çalışdıqları barədə açıqlamasına münasibət bildirib. Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Ləvənt Gümrükçü mətbuatda bu barədə yayılan xəbərləri təkzib edib. “Türkiyə Qafqazda sülhün kompleks şəkildə inkişafını istəyir. Bu çərçivədə ölkəmiz Azərbaycandakı işğalın sona yetməsinə yönəlmiş addımlara paralel olaraq regional əməkdaşlığın inkişafına yönəlmiş hər cür addımı müsbət dəyərləndirəcəyini daha öncə dəfələrlə ifadə edib. Bu məsələdə Azərbaycanla əməkdaşlıq şəraitində və birgə hərəkət edirik. Bunu bir tərəfin digər tərəfi razı salmağa çalışması şəklində deyil, bərabər yapılan çalışma kimi görmək lazımdır. Ancaq Türkiyə bölgədə atılacaq hər addıma paralel olaraq əməkdaşlığın kompleks şəkildə inkişafına yönəlmiş hər addımı müsbət qiymətləndirəcək”. 

 

Ləvən Gümrükçü ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə son səfərinə də toxunaraq, Türkiyənin Minsk Qrupunun üzvü kimi bu prosesi çox yaxından izlədiyini, son görüşlərdən sonra həll prosesində hansı addımların atılacağını söyləməyin hələ tez olduğunu bildirib. Prosesin yenidən canlanması üçün gözlənti və çalışmalar olduğunu diqqətə çatdıran sözçü qeyd edib ki, Türkiyə tezliklə bu məsələnin həllini istəyir və regional sülhü dəstəkləyəcək hər cür addımı atmağa hazırdır.   

 

 

Müəllif | Apa.Tv
Apa.tv