Milli Məclisdə şəhərlərin formalaşmasına dair müzakirə aparıldı

Milli Məclisdə “Şəhərlərin formalaşmasında hüquq bir alət kimi” mövzusunda dəyirmi masa keçirilib. APA TV-nin xəbərinə görə, dəyirmi masada çıxış edən Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bildirib ki, iclas Şəhərsalma və Tikinti Məcəlləsinin hazırlanması və tətbiqi ilə bağlıdır. Şəhərsalma və Tikinti Məcəlləsinin hazırlanmasında beynəlxalq təcrübədən istifadə olunub və beynəlxalq ekspertlərlə birlikdə işlənilib. Məcəllənin icrası zamanı qanunvericiliyin nəzərə almadığı problemlərin meydana çıxdığını deyən Səyyad Kərimov bildirib ki, bu problemlərin qarşısının vaxtında almaq üçün müəyyən tədbirlər həyata keçirilir.

 

Almaniya və Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” proqramının Azərbaycan üzrə layihə rəhbəri Tomas Melser bildirib ki, bu qanunun icrasında bir qədər ləngimə olub, problemlər ortaya çıxıb. Onun sözlərinə görə, əsas məsələ şəhərin özünəməxsusluğunu qorumaqdır. Bu, inzibati qaydada həyata keçirilməlidir.

 

Dəyirmi masa Azərbaycan parlamenti və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi ” proqramı çərçivəsində baş tutub.

 

Müəllif | Apa.Tv