Bakıda hansı evlərin söküləcəyi müəyyənləşdi - SİYAHI

"Bakı şəhərinin regional inkişaf planının təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunub". APA TV-nin xəbərinə görə, paytaxt ərazisində aparılacaq söküntü işləri barədə danışan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanovun sözlərinə görə, hazırda Bakı şəhəri ərazisində elə yerlər var ki, oradakı tikililər əhalinin mövcud rifahına cavab vermir, infrastruktur layihələrinin icrasını mümkünsüz edir:

 

"Əsasən "Xutor", "Alatava" deyilən və əvvəldə qeyd edilən ərazilər söküləcək. İkinci böyük istiqamət isə "Ağ Şəhər "dən sonra Zığ tərəfə olan istiqamətdir. "Ağ Şəhər" deyilən yaşayış ərazisi rekultivasiya olunan ərazilərdə həyata keçirilir. Artıq tikintilər gedir. Həmin istiqamətdə söküntü işləri davam edəcək. Neft-kimya emalı ilə bağlı olan istehsalatın da kənara çıxarılması nəzərdə tutulur və onlar çıxdıqca həmin ərazilər iki istiqamətdə istifadə olunacaq".

 

Bakıda “Xruşşovka” kimi tanınan beşmərtəbəli yaşayış binalarının sökülməsinin təxirə salındığını diqqətə çatdıran sədr müavini bildirdi ki, bu məsələnin reallaşdırılması hələlik tezdir:

 

“Bu tip binaların sökülməsi üçün Belarusda, Ukraynada xüsusi proqramlar qəbul olunub. Amma bizdə iqlim şəraitinə, əhalinin binalara olan diqqətinə görə “Xruşşovka” binaların vəziyyəti heç də pis deyil və bu binaların ləğvinə hələ ki, ehtiyac yoxdur. Bu binaların istismar müddəti yüksəkdir və bizim hesablamalarımıza əsasən, 100 ildir. Amma planlaşma baxımından hansısa investor həmin binaları sökərək yerində yeni yaşayış binası tikməyi təklif edərsə, biz bunu dəstəkləyərik”.

 

Dövlətxan Dövlətxanov sözlərinə görə, Bakının inkişaf planında yaşayış üçün həm yeni ərazilərin salınması, həm də şəhərin mərkəzində bəzi ərazilərin sökülməsi nəzərdə tutulub. Əsasən Dövlət Dram Teatrının arxasından Elmlər Akademiyasına kimi az mərtəbəli və az qiymətli evlərin sökülməsi planlaşdırılır. Eyni zamanda, bulvardan başlayaraq, yeni bir parkın salınması layihəsi var.

 

Müəllif | Apa.Tv