Rusiya-Azərbaycan sərhədində mübahisələrə səbəb olmuş kəndin adı dəyişdirilir
Milli Məclisinin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Xaçmaz rayonunun Xraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
APA TV-nin xəbərinə görə, komitə sədri Arif Rəhimzadə bildirib ki, bu ərazi Samur çayının sahilində yerləşir və ətrafı palıd meşəliyi ilə əhatə olunub. Komitə sədrinin sözlərinə görə, orada yaşayan sakinlər Xraxoba sözünün mənasını bilmədiklərindən bu kəndin adının dəyişdirilməsini təklif ediblər və bununla bağlı sənədlər hazırlanaraq müvafiq qurumlara göndərilib. Bundan başqa, Arif Rəhimzadə yaşayış yerlərinin adlarının dəyişdirilməsi və bununla bağlı xüsusi bir qurumun yaradılması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, bəzi yaşayış məntəqələri istisna olmaqla, kütləvi şəkildə adların dəyişdirilməsi müsbət hal deyil. Çünki bu adlar Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edir.
Sonda qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.