Bakıda daha 3 METRO STANSİYASI AÇILACAQ

Bakı Metropolitenin üçüncü xəttində (Bənövşəyi xətt) yaxın illərdə daha 3 stansiyanın açılması planlaşdırılır. APA TV-nin xəbərinə görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib. Onun sözlərinə görə, gələn il bu xətdə «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyalarının istismara verilməsi planlaşdırılır və onların davamı olaraq Papanin küçəsində daha bir stansiyanın - şərti olaraq «B3» adlı - inşasına başlanılıb. Ümumiyyətlə, 2030-cu ilədək Bakı Metropolitenində 73 stansiya və 119 km tunelin istifadəyə verilməsi nəzərdə tutulub: "«B3»ün davamı olaraq, Heydər Əliyev adına İdman-Sərgi Kompleksinin yanında («B4»), daha sonra Heydər Əliyev Sarayının arxasında, habelə «Həzi Aslanov-2» və onun davamı olaraq, Köhnə Günəşli və Yeni Günəşli qəsəbələri istiqamətində işlər gedir".

Sumqayıt şəhərinə metro xəttinin çəkilməsinin planlaşdırılmadığını deyən Tağı Əhmədov bildirdi ki, Sumqayıt ayrıca şəhərdir, ayrıca metrosu olmalıdır. Metropoliten rəisi gələn ilin əvvəlində Metropoliten tərəfindən üç qatar heyəti və 15 yeni vaqonun alınacağını deyir. Belə ki, üçüncü xəttin «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyalarında yeni, müasir vaqonlar işləyəcək. Bu vaqonlar elektronikadan ibarətdir, yəni 4-cü nəsil vaqonlardır: "Çünki bizim pik saatlarında ən minimal interval imkanımız 2 dəqiqədir. Bu, platformaya yerləşən vaqonların sayının azlığı, yəni 5 vaqonun yerləşməsi ilə bağlıdır. Gələcəkdə «Avtovağzal», «Memar Əcəmi-2» və sonrakı stansiyalarda 7 vaqonlu platformadan istifadə edəcəyik. Yəqin ki, ilk başlanğıcda bu, 5 vaqonlu olacaq, ancaq orada da indiki kimi sərnişin sıxlığı müşahidə olunarsa, 7 vaqondan istifadə olunacaq".

Azərbaycanda noyabrın 8-i Bakı Metropoliten işçilərinin peşə bayramı günüdür. Bu münasibətlə keçirilən tədbirdə 850 əməkdaş pul mükafatı, 14 nəfər veteran nişanı və 2 nəfər ən fəal işçi isə təhlükəsizliyə görə döş nişanı ilə təltif edilib. 

Müəllif | Apa.Tv