ABŞ İran sərhədlərinə yaxın bölgədəki qoşunlarını döyüş vəziyyətinə gətirdi
ABŞ-ın Fars körfəzindəki qüvvələri İranla münasibətlərdə gərginliyin artması, ordu və avadanlıqların ümumi hazırlığı ilə bağlı narahatlıqlar səbəbindən "ən yüksək hazırlıq vəziyyətinə" gətirilib. APA TV-nin məlumatına görə, bu barədə Rusiya mətbuatına ABŞ Müdafiə Nazirliyindəki mənbə bildirib.
Xatırladaq ki, İran yanvarın 29-da öz istehsalı olan ballistik raketi uğurla sınaqdan keçirib. ABŞ ballistik raketlərin sınağını kəskin pisləyərək, bunun BMT TŞ-nin 2231 saylı qətnaməsinə zidd olduğunu qeyd edib.
ABŞ-ın yeni prezidenti İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramına dair əldə olunmuş sazişə qarşı çıxış edir. Bundan əlavə D.Tramp və Pentaqon rəhbəri Ceyms Mettis İranı beynəlxalq terrorizmi dəstəkləyən 1 nömrəli dövlət adlandırıb.
İranın ali dini lideri Ayətullah Əli Xamneyi isə ABŞ-a cümə günü - İslam İnqilabının 38-ci ildönümü tarixində layiqli cavab veriləcəyini açıqlayıb.