Bu ay AVTOBUSLARDA KART SİSTEMİnə keçiləcək
Bu ilin sonuna kimi, paytaxtda ictimai nəqliyyatda kart sisteminə keçid mümkün olacaq. APA TV-nin xəbərinə görə, Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov deyir ki, prosesin yubanması kartların hesablanması üzrə validatorların gətirilməsində və sistemdə yaranan texniki problemlərlə əlaqəlidir: "Əslində ləngimə prosesi sırf texniki prosesdir. Bank kartlarının hazırlanması prosesi bir qədər ləngiyir. Eyni zamanda bu sistemin uzlaşdırılması ilə bağlı bir sıra yoxlamalar keçirilir. Pilot layihə kimi bir neçə avtobusda tətbiq edilir. Bütün bu proseslər bir qədər ləngimələrə səbəb olur. Hətta nazirin müşavirəsində də bir sıra konkret tələblər qoyuldu ki, bu ilin sonuna kimi tam tətbiq olunsun. Tam dəqiq işləmiyəcəksə, bunun quraşdılmasının mənası yoxdur. Çünki arada pul söhbəti var. Saat mexanizmi kimi dəqiq işləməlidir ki, narazılıq yaratmasın".
Nazirlik nümayəndəsi deyir ki, kart ödəniş sisteminin tətbiqinin birinci mərhələsi bu ilin noyabr ayının sonuna kimi həyata keçiriləcək. 9 ayın yekunu olaraq, 2160 avtobusa baxış keçirilib ki, hazırda 1000 avtobusda bu sistem tətbiq edilib. Yeni kart sisteminə keçid zamanı 2500 avtobusda validatorun quraşdırılacağı gözlənilir: "Elə avtobus var ki, texniki cəhətddən standartlara cavab vermir. O avtobuslarda bu sistemi quraşdırmırıq. Gözləyirik ki, yeni partiya gəlsin. Məsələn 176 avtobusda bolt sistemi olmadığından 9 ayda xəttə buraxılmayıb, yaxud 32 avtobusda bu avadanlıq yoxdur, amma xəttə çıxır. Təxminən 211 avtobus isə təmirə dayanıb".
Yeni sistemə keçidin sentyabrda olacağı bildirilmişdi.