İRANLA SƏRHƏDDƏ FÖVQƏLADƏ VƏZİYYƏT: uzun növbələr yaranıb

İran İslam Respublikası Azərbaycanla sərhəddəki Biləsuvar gömrük-keçid məntəqəsini noyabrın 7-də saat 16.00-dan bağlayıb. APA TV-nin hazırda Biləsuvarda olan əməkdaşının verdiyi məlumata görə, 2000-ə yaxın Azərbaycan vətəndaşı noyabrın 8-i səhərdən İrana keçmək üçün növbə gözləyir. APA TV-nin bölgə müxbiri Ağəddin Babayevin sözlərinə görə, məntəqənin açılmadığını görən insanların çoxu ya evlərinə qayıdır, ya da Astara Gömrük-keçid məntəqəsinə üz tutur. Hazırda sərhəddən yalnız İrandan Azərbaycana qayıdan Azərbaycan və Azərbaycandan İrana gedən İran vətəndaşları buraxılır. Söhbət piyadalardan gedir. Naxçıvandan gələn sərnişin avtobusları maneəsiz keçir. Amma nə Azərbaycan, nə də İran yük maşınları sərhəddən buraxılmır.

 

Bölgə müxbirinin sözlərinə görə, məntəqədə İran və Azərbaycana aid 400-ə yaxın ağır tonnajlı yük maşını gözləyir. İrandan Azərbaycana qayıdan şəxslər qarşı tərəfdə də böyük növbə yarandığını bildiriblər.

 

Artıq Astara Gömrük-keçid məntəqəsində də böyük növbə yarandığı bildirilir. Biləsuvardan keçə bilməyənlər ora üz tutduğundan növbə uzanıb və məntəqədə İrana keçmək üçün 200-dən çox şəxs gözləyir.

 

İran Azərbaycanla Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlaması barədə bəyanatla çıxış edib.


Səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahinin adından yayılan bəyanatda bildirilir ki, bu addıma səbəb Azərbaycan sərhədçilərinin Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlaması və sərhədin açılması üçün iki gün ərzində edilən cəhdlər nəticəsiz qalmasıdır.

 

Bəyanatda bildirilib ki, Azərbaycan Respublikası naməlum şəxsin Poldəşt sərhəd-keçid məntəqəsinə yaxın yerdə traktora atəş açması səbəbindən Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini noyabrın 6-dan etibarən bağlayıb: “Bu da iranlı sürücülərə və vətəndaşlara ciddi problemlər yaradıb”.

 

Səfirliyin bəyanatında qeyd edilib ki, beynəlxalq qanun və normalara əsasən, adətən sərhəd məntəqələrində bu kimi hadisələr baş verdikdə iki ölkənin sərhədçiləri görüşüb məsələni yerində həll edirlər və belə hallarda sərhəd bağlanmır.

 

Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.

 

Bəyanatda o vurğulanıb ki, səfirliyin məsul şəxsləri bu problemin həll edilməsi üçün danışıqları davam etdirirlər.

 

Müəllif | Apa.Tv