Şəkidə CANAVARLAR KƏNDƏ HÜCUM EDİB

Şəkinin Daşüz kəndində canavarlar otlaq sahəsindən evə qayıdan mal-qaraya hücum edərək iki baş inəyi parçalayıblar. Sakinlərin APA TV-yə verdiyi məlumata görə, son iki ay ərzində canavarların mal-qaraya hücumunun intensivləşməsi səbəbindən kənd sakinlərinə məxsus 10 baş iribuynuzlu və 10 başdan yuxarı xırdabuynuzlu heyvan tələf olub.


Daşüz kənd sakini, zərərçəkən Əsəd Məmmədov bildirib ki, canavarlar son vaxtlar azğınlaşıblar. Kənd sakinlərinin sözlərinə görə, gecələr kənd ərazisində və kəndə yaxın olan ərazilərdə tək dolaşmaq artıq təhlükəli hala çevrilib. Hətta canavar yem tapmadıqda həyətlərə belə girir.

Şəki şəhər İcra hakimiyyəti Daşüz kənd icra nümayəndəsinin müavini Rövşən Məmmədov APA TV-ya verdiyi müsahibəsində faktı təsdiqləyib və bu hadisəyə görə əlaqədar təşkilatlara müraciətlər olunacağını bildirib. Onun sözlərinə görə, dağlıq ərazidə belə halların baş verməsinin əsas səbəblərindən biri kənd əhalisinin mal-qaranı sahibsiz şəkildə buraxması, xüsusilə, axşam saatlarında heyvanların küçələrdən vaxtında yığışdırılmamasıdir.
 

Müəllif | Apa.Tv
Vüqar Heydərov