Mənşəyi məlum olmayan maddələrdə bişirilən çörəklər - REYD

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsi Şəmkir rayonunda reyd keçirib. Reyd çərçivəsində rayonda çörək məhsullarının istehsalı və satışı ilə məşğul olan qanunsuz sex aşkarlanıb. Belə ki, rayonun Hüseyn Cavid küçəsində yerləşən ““Qaqalar” MMC”yə məxsus çörəkbişirmə sexində reyd zamanı xeyli sayda nöqsanlar aşkarlanıb.

Aparılan yoxlamalarda sexdə çörəyin bişirilməsində mənşəyi məlum olmayan su, duz, maya, yağ və müxtəlif qatqılardan istifadə olunduğu üzə çıxıb. Bundan başqa, istehsalatda xəmirin kustar üsullardan istifadə olunaraq antisanitar şəraitdə yoğUrulması və çörək bişirilməsi halları da aşkarlanıb. Mütəxəssislər belə çörəklərin insan sağlamlığına mənfi təsir göstərdiyini bildirir.

Həmçinin sexdə istismar müddəti başa çatmış avadanlıqlarla çörək bişirildiyi də məlum olub. Sexin sahibi aşkarlanan qayda pozuntuları ilə razılaşmayıb.

Komİtə əməkdaşlarının apardığı araşdırma zamanı məlum olub ki, sanitariya norma və qaydalarına məhəl qoyulmadan işləyən müəssisə texnoloji təlimat və resepturasız fəaliyyət göstərir. Müəssisədə məhsulların gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunması da ortaya çıxıb.

Aşkar olunan nöqsanlara görə, istehsal sahibinə cərimə sanksiyası tətbiq olunub və sexin fəaliyyəti dayandırılıb.
 

Müəllif | Apa.Tv
Azər Məmmədli