Şamaxıdan Qubaya dağların arası ilə yeni yol çəkilir
Şamaxı-Quba yeni avtomobil yolunun tikintisi reallaşmaq üzrədir. Yaxın vaxtlarda Şamaxıdan Qubaya və digər şimal rayonlarına getmək üçün paytaxtdan keçməyə ehtiyac qalmayacaq və yeni yol Böyük Qafqaz dağlarının arasından çəkiləcək. Keçmiş Sovet İttifaqı dövründə reallaşması mümkün olmayan və bir layihə olaraq qalan bu yolun çəkilişi üçün hazırda işlər görülür. “Azəryolservis”nin sifarişi ilə hazırda “General-İnşaat” MMC-nin tikinti briqadası tərəfindən 13 kilometr uzunluğu olan Şamaxı-Çuxuryurd-Qızmeydan avtomobil yolunun çəkilişi həyata keçirilir. Bu yol həm də Şamaxı-Quba avtomobil yolunun başlanğıcı hesab edilir. Yüksək dağlıq ərazidən keçən və müasir tələblərə cavab verən bu yeni yolun 7 kilometrlik hissəsinə artıq asfalt örtük döşənib və hazırda yolun digər hissəsinin asfaltlanması işləri həyata keçirilir. Yolun bəzi hissələri əvvəlki kənd yollarının üzərində qurulsa da əksər hissələr yenidən inşa edilir. Xüsusi ilə sürüşmə zonasında mövcud olan əvvəlki yollar artıq təhlükəli ərazilərdən kənarlaşdırılıb. Hazırda ərazidə 80-ə yaxın müxtəlif təyinatlı texnika və 100-ə yaxın işçi çalışır. Hava şəraiti imkan versə, işlərin bir ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Şamaxı-Qızmeydan və Quba-Qonaqkənd yollarını birləşdirəcək rayonlararası yeni avtomobil yolunun çəkilişi üçün isə yeni layihə hazırlanır. Sərt qayalıqlardan və dağ çaylarının üzərindən keçəcək Şamaxı-Quba avtomobil yolunun uzunluğu 110 kilometr, eni isə 12 metr olacaq. Yol boyu Baba çayı və Cimi çaylarının üzərindən ilk dəfə olaraq, hər birinin uzunluğu 250 metr olan avtomobil körpüləri, həmçinin 20 yerdə su ötürücü qurğular inşa ediləcək. Dağların altından 3 kilometr uzunluğunda yeraltı tunelin də çəkiləcəyi gözlənilir. Bu layihə reallaşdıqdan sonra artıq Şimal, Şimal-Qərb və Şirvan bölgələri üzrə hərəkət edən avtomobillər 200 kilometr az yol qət edəcəklər və Bakı şəhərinə daxil olmadan birbaşa regionlararası marşrutlar üzrə hərəkət edəcəklər. Müasir tələblərə cavab verəcək şəkildə inşa olunacaq yeni yol respublikanın 2 regionunu birləşdirməklə yanaşı, həm də Şamaxı və Quba rayonlarının ucqar dağ kəndlərində yaşayan əhalinin uzun illər qarşılaşdığı yol problemini də aradan qaldıracaq.
Məlumat üçün bildirək ki, Şamaxı-Quba yolu eyni zamanda bölgədə yeni turizm marşrutlarının açılmasına xidmət göstərəcək. Böyük Qafqaz dağlarını kəsib keçəcək yol boyu yeni turizm obyektlərinin yaradılması nəzərdə tutulur.