Saatlıda faciəvi qəza: maşın teplovozla toqquşdu, bir ailədən üç nəfər öldü
Saatlıda teplovoz avtomobillə toqquşub, bir ailənin 3 üzvü ölüb. Hadisə fevralın 15-də axşam saatlarında Sarıcalar kəndi ərazisində qorunmayan dəmir yol keçidində baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Qalağayın kənd sakini, 1954-cü il təvəllüdlü Ağayev Güloğlan Abı oğlunun idarə etdiyi VAZ-2106 markalı avtomobil dəmir yol keçidində teplovozla toqquşub. Nəticədə sürücü, onun həyat yoldaşı, 1955-ci il təvəllüdlü Ağayeva Hökumə Murtuz qızı və onların qızı, 1998-ci il təvəllüdlü Lamiyə Ağayeva aldıqları xəsarətdən hadisə yerində ölüblər.
Güloğlan Ağayev Qalağayın kənd sahə baytar məntəqəsinin baytar həkimi vəzifəsində çalışıb. Faktla bağlı Saatlı prokurorluğu və İmişli xətt polisi tərəfindən araşdırma aparılır.