Astara gömrük keçid məntəqəsində uzun növbələr yaranıb

Astara gömrük keçid məntəqəsində İrana getmək istəyən vətəndaşların sıxlığı yaranıb. Buna səbəb isə qonşu ölkə tərəfindən noyabrın 7-dən Biləsuvar gömrük keçid məntəqəsinin bağlanmasıdır.


Adi günlərdə bu məntəqədən 400 – 500 adam qonşu ölkəyə keçirdisə, bu gün sərhədi keçənlərin sayı 1000 nəfərdən çoxdur. Ən çox yaşlı insanlar və kiçik yaşlı uşaqlar üçün çətinliklər yaranıb.

Həmçinin 100-ə yaxın ağır tonnajlı yük avtomobili və avtobuslar da gömrük keçid məntəqəsini keçmək üçün uzun növbəyə dayanıb.

Astara gömrük idarəsindən isə bildirdilər ki, insan sıxlığına baxmayaraq gömrük əməkdaşları sonuncu insan İrana keçənə kimi iş başında olacaqlar. Biləsuvar gömrük keçid məntəqəsinin yaranmış vəziyyətdən sonra Astara gömrük idarəsi gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, bu keçid məntəqəsindən əsasən Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı sakinləri istifadə ediblər. Bu gün isə burada respublikanın bütün rayonlarının sakinlərinə rast gəlmək mümkündür.
 

Müəllif | Apa.Tv