Hasar uçub, daşlar altında qalan ATA ÖLÜB, OĞUL AĞIR YARALANIB
Salyanda məktəbin hasarının uçması nəticəsində bir nəfər həyatını itirib. Noyabrın 8-də saat 18 radələrində Ənvər Qasımzadə küçəsində yaşayan 45 yaşlı Vaqif Quliyev azyaşlı oğlu Əlisahiblə odun yığmaq üçün Salyan şəhər 2 saylı tam orta məktəbə gəlib. O, məktəbin arxa hissəsində yarımtikilinin yaxınlığında odun yığarkən qəfildən hasar uçub. Daşlar altında qalan Vaqif Quliyev dünyasını dəyişib. Onun 9 yaşlı oğlu isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı yaxınlıqdakı adamların köməkliyi ilə dərhal Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstə ilkin tibbi yardımdan sonra müalicə üçün Bakıya göndərilib.
Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.