Qar Cəlilabadda fəsadlar törədib, evlər və çardaqlar uçub
Güclü qar Cəlilabadda fəsadlar törədib. Güclü APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun dağ kəndlərinə gedən avtomobil yolları qarla örtüldüyündən nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Bəzi sürücülər avtomobillərinin təkərlərinə xüsusi zəncirlər bağlamaq məcburiyyətində qalıblar. Yola ehtiyatsız çıxanlar isə yoldan keçən insanların köməkliyi ilə batan ərazilərdən çıxarılıblar.
Rayon ərazisində ən çox qar ucqar dağ kəndlərinə düşüb. Qar kəndlərdəki tiklilərə də ziyan vurub. Rayonun Sadatlı kəndində Yadulla Abışova məxsus ev qarın ağırlığına tab gətirməyərək tamamilə uçaraq yararsız hala düşüb. Eyni gündə İsbat Qafarova məxsus fərdi yaşayış evinin isə çardaq hissəsi çöküb. Hadisələr zamanı xəsarət alan olmayıb.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, ziyan dəymiş evlərə baxış keçirildikdən sonra vətəndaşlara lazımı köməklik göstəriləcək.