Bakıda AVTOBUS yük maşını ilə toqquşdu: 6 YARALI

Ötən gecə Bakının Suraxanı rayonunda sərnişin avtobusu ilə yük maşını toqquşub. APA TV-nin məlumatına görə, 104 saylı marşrutla hərəkət edən sərnişin avtobusu "Suraxanı OİL"-ə məxsus "QAZ 53" markalı yük maşınını arxadan vurub. Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Bunlar avtobusun sürücüsü, 63 yaşlı Mövsüm Həsənov və avtobusda olan sərnişinlər -  39 yaşlı Fikrət Tağıyev, 63 yaşlı Natəvan Əsədova, 34 yaşlı Sakit Qasımov, 47 yaşlı Xatirə Rüstəmova, 48 yaşlı İslam Teymurovdur. Xəsarət alanların hamısı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Avtobusun sürücüsü sükan arxasında sıxışıb qaldığından onu vətəndaşların köməkliyi ilə çətinliklə çıxarmaq mümkün olub. Sürücü Mövsüm Həsənovun hər iki ayağı sınıb.

 

Yük maşınının sürücüsü, 46 yaşlı Aydın Hacıyev isə qəzadan xəsarətsiz qurtulub. Lakin onun idarə etdiyi avtomobil zərbənin gücündən yolun kənarında neft mədəninə aid əraziyə düşüb.

 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv