Elnur Aslanov: "Ermənistan konstruktiv mövqe nümayiş etdirsə..."
"Rusiyada baş verən hadisələr Azərbaycanı narahat edir". APA TV-nin xəbərinə görə, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib ki, Rusiyada müxtəlif millətçi qruplar tərəfindən atılan addımlar rəsmi Bakının diqqət mərkəzindədir: “Rusiyada baş verən hadisələrdə Azərbaycana qarşı hansısa qeyri-populyar addımlarla təzyiqdən söhbət getmir. Azərbaycan rəsmiləri artıq bununla bağlı öz mövqelərini bildiriblər. Sevindirici hal odur ki, Rusiya dövlət başçısı Vladimir Putin də bu hadisə ilə bağlı dəfələrlə öz narahatlığını bildirir. Hətta ziddiyyətli fikirləri ilə tanınan Rusiya Dövlət Dumasının üzvlərinə də bununla bağlı narazılıqlarını ifadə edib. Bu da onu göstərir ki, Rusiya dövləti də bu olayların aradan qaldırılmasında daha maraqlıdır”.
Elnur Aslanov Azərbaycan və Ermənistan prezidentlərinin ilin sonuna planlaşdırılan görüşünə də münasibət bildirib: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Görüş baş tutmalıdır. Ermənistan konstruktiv mövqe nümayiş etdirsə, görüşdən nəsə gözləmək olar. Ermənistan işğalçılıq siyasətindən əl çəksə bu, sülhün və əmin-amanlığın yaranmasına zəmin yaradacaq”.
Azərbaycanda gənclərə ipoteka kreditlərinin ayrılması məsələsinin prezidentin xüsusi diqqətində olduğunu deyən Elnur Aslanov qeyd edib ki, bu məsələ ilə bağlı hazırda həm Gənclər və İdman Nazirliyi, həm də müxtəlif qurumlar tərəfindən təkliflər daxil olmaqdadır. Onun sözlərinə görə, prezident İlham Əliyevin fikri ondan ibarətdir ki, gənclərə ipoteka kreditlərinin verilməsi ilə bağlı şərtlər Azərbaycan gəncliyinin bugünkü maraqlarına cavab versin.