Doktoranturaya qəbulda yeniliklər
Azərbaycanda MDB ölkələri gənc şərqşünaslarının 2-ci qurultayı başlayıb. APA TV-nin xəbərinə görə, “Şərq cəmiyyətləri: ənənə və müasirlik” mövzusunda keçirilən qurultayda çıxış edən AMEA prezidenti Akif Əlizadə bildirib ki, ölkələr arasında gənclər tərəfindən birgə elmi konfransların keçirilməsi itmiş əlaqələrin bərpasına gətirib çıxarır. Onun sözlərinə görə, Sovet İttifaqının dağılması ölkələr arasında bağları qırılsa da, belə qurultayların təşkili MDB ölkələrində elm aləmində gənc nəsillə yaşlı nəsil arasındakı əlaqələri möhkəmləndirir.
Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasında doktoranturaya qəbulla bağlı mövcud duruma da aydınlıq gətirib: "Qəbulla bağlı materiallar artıq AMEA-ya daxil olub və ən uzağı 10 gün müddətinə qədər elan veriləcək. Bu il yerlərin sayında artım var. Doktoranturaya qəbul müsabiqəsinin əvvəlki illərdən daha geniş formada keçiriləcəyini güman edirik. Əsasən də seçimdə bizim yanaşmamız bu il bir qədər yeni olacaq”.
Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun iqtisadiyyatının 75%-ni təşkil etdiyini deyən Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bildirib ki, ölkəmizin iştirakı olmadan regionda heç bir iqtisadi, siyasi təşəbbüslərin həyata keçirilməsi mümkün deyil. PA rəsmisi deyib ki, Azərbaycanda etnik, milli və dini zəmində heç bir problem yoxdur. Azərbaycan Cənubi Qafqazın və dünyanın iqtisadi cəhətdən lider dövlətlərindən biri kimi, dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. Onun sözlərinə görə, Azərbaycan bu gün bütün aparıcı beynəlxalq və regional təşkilatların üzvüdür.
MDB-dən 70 gənc alimin iştirak etdiyi qurultay 3 gün davam edəcək.