Elçin Behbudov: "Ofisim qarət olunmayıbmış"
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin ofisindən bir neçə əşya yoxa çıxıb. APA TV-nin xəbərinə görə, səhər saatlarında komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudova məxsus ofisdən qiymətli əşyalar götürülüb. Hüquq müdafiəçisi deyib ki, İdman sarayı təmirə bağlanıb: "Səhər saatlarında buranın mühafizəçisi zəng edib dedi ki, divar sökülüb. Məsləhət gördü ki, əşyalarıma baxım, görüm itən varmı? Mən də gəldim. Gördüm, ofisin qapısı sındırılmayıb. Ancaq arxa tərəfdən divar sökülüb və bir neçə DVD, kompüter götürülüb".
Hüquq müdafiəçisi deyir ki, əvvəlcə bunun oğurluq hadisəsi olduğunu düşünüb. Hadisə yerinə gələn Səbail rayon Polis İdarəsinin əməkdaşları axtarışa başlayıb. Məlum olub ki, təmirlə əlaqədar olaraq, əşyalar fəhlələr tərəfindən götürülüb. Sonradan əşyalar Elçin Behbudova qaytarılıb: "Mən elə bildim oğurluqdur. Orda Hacı Məmmədovun əllə çəkilmiş dörd şəkli də var. Onlar götürülməmişdi. Ancaq televizor, DVD, götürülmüşdü. Sonra məlum oldu ki, təmirlə əlaqədar arxa otağa yığılıb".
Noyabrın 11-də səhər saatlarında Elçin Behbudov APA-ya açıqlama verərək, ofisinin qarət olunduğunu bildirmişdi.