Yol polisinin RADAR OYUNU
Son vaxtlar radara düşən sürücülərin sayı artıb. Bu bir yana, sürücülər həm də radara düşmələri barədə onlara bir neçə aydan sonra xəbər verilməsindən narahat olublar. APA TV-yə müraciət edən bir neçə sürücünün fikirlərindən belə məlum oldu ki, aylarla heç bir xəbədarlıq edilmədiyi halda qəflətən yol polisindən zəng edib idarəyə dəvət edirlər. İdarəyə getdikdə isə sürücüləri dəhşət bürüyür. Çünki nə az, nə çox, birdən-birə 50-60 radar cəriməsi ortaya çıxır. Eyni zamanda, idarəyə dəvət olunmayan elə sürücülər də var ki, onları yolda polis saxlayır və maşını cərimə meydançasına aparırlar. Səbəb isə yenə də radardır.
Sən demə, sürücü neçə aydır radara düşüb, yol polisi də ona cərimə yazıb, avtomaşını isə axtarışa verib. Başqa bir problem isə ondan ibarətdir ki, bəzən sürücülər avtomaşını satdıqdan sonra radar problemi ortaya çıxır. Belə halda həm avtomaşını alan, həm də satan şəxs çətinliklə üzləşir. Alan satandan, satan isə yol polisindən narazılıq edir. Narazılığın əsası da var. Necə olar ki, avtomaşın satılmazdan əvvəl radara düşməsi barədə sürücüyə xəbərdarlıq olunmur, amma maşın satılandan dərhal sonra ortaya bir əmma çıxır?
Sürücü Ramin Qurbanov deyir ki, ona zəng edib, bir neçə radar cəriməsi olduğunu bildiriblər: " Amma bunu vaxtında desəydilər, gedib cəriməmi verərdim. Mənə dedilər, sürət həddini aşmışam. Vaxtında desəydilər, cəriməmi ödəyib bir daha da bu halın baş verəsinə yol verməzdim".
Yol polisi isə bu məsələdə sürücüləri günahlandırır. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev APA TV-yə bildirdi ki, bəzən sürücülər məsuliyyətsizlik edərək yaşadıqları yeri dəyişdikdə yol polisinə bu barədə məlumat vermirlər. Belə olduqda isə yol polisi sürücüyə törətdiyi xəta barədə məlumat verməkdə çətinlik çəkir. Kamran Əliyev deyir ki, bəzi sürücülər hətta yol polisində qeydiyyata düşərkən telefon nömrələrini də səhv verirlər: "Qanunvericiliyə görə, avtomatik rejimdə işləyən ölçü cihazları vasitəsilə qayda pozuntusu aşkar olunarsa bu halda nə sürücünün, nə də yol patrul xidməti inspektorunun iştirakı olmadan elektron protokol tərtib edilir və elektron protokol tərtib edildikdən sonra bu bildiriş həmin şəxsin ünvanına göndərilir. Yəni, 2 gün ərzində göndərilir həmin ünvana. Bundan əlavə, inzibati xətaya yol vermiş şəxsə telefon, internet və yaxud da digər rabitə vasitələri ilə də məlumat verilə bilər. Amma çox əfsuslar olsun ki, bir çox sürücü qeydiyyatda olduğu ünvanda yaşamır. Bu səbəbdən də o, bu barədə məlumatı gec alır".
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, bu cür halların yaranmasının başlıca səbəbi yol polisinin işini düzgün qurmaması və qanunlara etinasız yanaşmasıdır: "Belə vəziyyətin yaranmasının əsas səbəb qanunvericilikdəki müddəalara düzgün riayət olunmasasıdır. Açığını desək, intizamsızlıqdır. Çünki Yol patrul xidməti haqqında təlimatda yazılır ki, hər bir polis əməkdaşı öz xidmət növbəsinin sonunda xüsusi ölçmə vasitəsinin, yəni radarın bütün göstəricilərini çıxarmalıdır və xüsusi qeydiyyat kitabına köçürməlidir. Uzaq başı həmin sutkanın sonunda bəlli olmalıdır ki, kimlər sürət rejimini pozublar. Və iki gün müddətində də bildirişlər nəqliyyat vasitəsinin qeydiyyatda olduğu yol polisi şöbələrinə göndərilməlidir ki, həmin sürücülər dəvət olunub inzibati məsuliyyətə cəlb olunsunlar".
Lakin Ərşad Hüseynov deyir ki, yol polisi bu prosedura əməl etmədiyi üçün qayda pozan sürücülərin özlərinin də xəbəri olmadan radar və kamera görüntüləri yığılır, sonda isə sürücüyə zəng edib məsələni həll etmək üçün idarəyə çağırırlar. Hansı ki, sürücüyə lap əvvəldən də zəng edib çağıra bilərdilər. O ki qaldı sürücülərin yol polisinə telefon zəngi ilə dəvət olunmasına, ekspert deyir ki, qanunvericilik buna icazə verir.