"Balam general olmaq istəyirdi" - ŞƏHİD AQŞİN ABDULLAYEVİN DƏFNİNDƏN REPORTAJ

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olan hərbçi Aqşin Abdullayev bu gün anadan olduğu Şəki rayonunun Kiş kəndində dəfn olunub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, 35 yaşlı şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Şəki rayon icra hakimiyyətinin rəsmiləri, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Dəfn mərasimində izdiham yaşanıb, 10 minə yaxın insanın iştirak etdiyi mərasim boyunca “Şəhidlər ölməz, Vətən bölünməz” sədaları yüksəlib.

 

Şəhid atası İsmayıl Abdullayev torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, onun qisasının döyüş yoldaşları tərəfindən alınacağına əmin olduğunu deyib. Şəhid Aqşin Abdullayevin 3 övlad böyütdüyünü diqqətə çatdıran atası onların vətənpərvər, milli ruhda tərbiyə aldıqlarını, ataları kimi igid və mərd yetişdiklərini diqqətə çatdırıb: "Hamınızdan razılıq edirəm. Əziyyət çəkmisiniz, balamı qəşəng şanlı-şöhrətli son mənzilə yola saldınız. Şəhiddir balam, Vətən sağ olsun!"

 

Şəhidin nəşi yaylım atəşləri ilə torpağa tapşırıldıqdan sonra məzarı üzərinə əklil və tər qərənfillər qoyulub.

 

Tabutun üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı Aqşin Abdullayevin anası Dursun İsmayılovaya təqdim olunub. Dursun ana da oğlunun qisasının alınacağına əmin olduğunu söyləyib: "Balamın bir arzusu var idi, istəyirdi general olum. Deyirdim, ay oğul, 5 il oxumusan da, dedi yox, hələ 2 il də gedib oxuyacam. Arzusu gözündə qaldı. Onun arzusunu öz doğma balası Aminə vəsiyyət eləmişəm. Demişəm sən davam etdirərsən. Atanın arzusunu gözündə qoyma. Atan general olmaq istəyirdi".

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov