Mingəçevirdə zibillikdən cəbbəxana tapıldı
Mingəçevir şəhərində məişət tullantıları atılan ərazidən xeyli sayda silah-sursat tapılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları məlumat əsasında zibil poliqonuna baxış keçirən zaman oradan 1 ədəd "AKM" markalı avtomat, "TOZ-8" və "İJ-16" markalı nömrələri silinmiş tüfənglər, süngü bıçaq, 3 patron darağı, 2 qumbara və 270 ədəd müxtəlif çaplı patronlar aşkarlayaraq götürüblər. Tapılan odlu silahlar döyüş üçün yararlı hesab edilir.
Silah-sursatın zibilliyə kim tərəfindən atılması və onlardan hər hansı bir cinayət əməlində istifadə olunub olunmadığı məlum deyil. Hazırda Mingəçevir şəhər Polis Şöbəsinin istintaq bölməsi tərəfindən bu istiqamətdə araşdırmalar davam etdirilir.