Bu qış mənzillərimizi necə qızdıracağıq? - SU BAŞINDAKI ƏJDAHALAR!
Bakının elektrik enerjisi, təbii qaz və istilik sisteminin təchizatı ilə məşğul olan müəssisələr noyabrın 15-dən etibarən qış mövsümünə keçir. Hər il qış mövsümündə Bakıda elektirik enerjisinin, qazın, istiliyin verilməsində fasilələr olur. Proqnozlara görə, qarşıda bizi ötən illərdəkindən daha sərt qış gözləyir. Evlərini isti saxlamaq üçün bir çox vasitədən istifadə edən sakinlər deyir ki, mərkəzləşdirilmiş istilik sistemi olsa, vətəndaşların xərci də azalar, mənzillər isə daha yaxşı qızdırılar. “Azəristiliktəchizat” ASC-nin nümayəndəsi Rövşən Tağıyev APA TV-yə deyir ki, Bakının bütünlükdə istilik sistemi ilə təmin olunması 2018-ci ildə yekunlaşacaq: "Bu il Bakı şəhərində 2870 yaşayış binasının istiliklə təminatı nəzərdə tutulub".
Bir çox ərazidə isə problem başqadır. Qazanxa var, borular quraşdırılıb, istilik verilir. Ancaq binada yaşayan bəzi sakinlər buna imkan vermir. Elə 8-ci mikrarayon, Süleyman Sani Axundov küçəsindəki 1 saylı binanın sakinləri kimi. 4 ildir, bina sakinləri mərkəzləşdirilmiş istilik sistemindən yararlana bilmirlər. Onlar sözün əsl mənasında 4-cü mərtəbədə yaşayan həkim Gülnarə xanımın əlində əsir-yesir olublar. Xankəndindən məcburi köçkün olan Gülnarə xanım qapını üzümüsə açmasa da, qonşuları deyir ki, o, ancaq bir şərtlə boru çəkilməsinə icazə verir. Bunun üçün qonşular ona 1800 manat pul ödəməlidir.
İndi sakinlər 8 saylı mənzilin sakinindən heç olmasa, bu qış insaf gözləyirlər.
Sakinlər deyir ki, yaxın günlərdə ev sahibi onlara cavab verməsə daha sərt tədbirlər görmək niyyətindədirlər.
Noyabrın 15-də start götürəcək istilik mövsümü aprelin 15-ə qədər davam edəcək.