Lənkəranda uçqun: yola torpaq, gil qatı, qaya parçaları töküldü
Son bir neçə gündə cənub bölgəsinə yağan intensiv yağışlar Lənkəran-Lerik yolunda yenidən torpaq uçqununa səbəb olub. APA TV-nin cənub bürosunun məlumatına görə, torpaq uçqunu bu dəfə yolun 17-18-ci kilometrliyində - Lənkəranın Təngivan kəndindən keçən hissəsində qeydə alınıb. Nəticədə nəqliyyatın hərəkətində qısa müddətə məhdudiyyətlər yaranıb. Uçqun zamanı yola torpaq, gil qatı və qaya parçaları tökülüb. 43 saylı Lerik Yol İstismar İdarəsinin rəisi Elxan Əliyevin sözlərinə görə, hadisə yerinə cəlb edilmiş ağır texnikanın müdaxiləsi nəticəsində yol təmizlənib. Hazırda idarənin texnikası və canlı qüvvəsi ərazidə hazır vəziyyətə gətirilib. Uçqun aktiv olduğundan onun hər an yenidən baş verməsi istisna olunmur.
43 saylı Lerik Yol İstismar İdarəsinin rəisi Elxan Əliyev deyir ki, uçqun sahə üçün xarakterikdir: "Uçqun davam edəcək, çünki o sahədə uzun müddətli iş aparılmalıdır".
Torpaq uçqunlarının yenidən aktivləşməsi isə sürücüləri ciddi narahat edir.