ABŞ generalı: "Rusiya-İran əməkdaşlığı planlarımıza ziddir"
Suriyada Rusiya-İran əməkdaşlığı ABŞ-ın regiondakı fəaliyyətinə ciddi əngəl törədir. APA TV-nin məlumatına görə, bunu ABŞ Mərkəzi Komandanlığının rəhbəri (CENTCOM) general Cozef Votel bildirib.
"Mən hesab edirəm ki, bu əməkdaşlıq bizim regiondakı hərəkətlərimizə çox mane olur", - deyə general Senatda dinləmələr zamanı qeyd edib.
Bu arada Rusiya ABŞ-ın rəhbərlik etdiyi İŞİD-lə mübarizə üzrə koalisiyasının 68 ölkəsinin nazirlər səviyyəsində keçiriləcək görüşündə iştirak etməyəcək. Bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner deyib.
"Rusiya koalisiyanın üzvü olmadığı üçün görüşdə iştirak etməyəcək", - deyə Toner bildirib.
Qeyd edək ki, İŞİD-lə mübarizə üzrə koalisiyasının 68 ölkəsinin nazirlər səviyyəsində görüşü 22-23 mart tarixlərində Vaşinqtonda keçiriləcək. Görüşə ABŞ dövlət katibi Reks Tillerson sədrlik edəcək.