Pulsuz karusel, nizamsız qələbəlik, sevinən uşaqlar...

Dənizkənarı Milli Parkda uşaqlar üçün aksiya keçirilib. Noyabrın 12-də səhərdən günortaya qədər bulvar ərazisindəki karusel və attraksionlar pulsuz xidmət göstərib. 

APA TV-nin çəkiliş qrupu bulvar ərazisinə çatanda qarşılaşdığımız ilk mənzərə yaxşı deyildi. Sakinlər Bulvar İdarəsinin vaxtaşırı keçirdiyi pulsuz aksiyanın təşkilindən narazı idilər. Pulsuz attraksionlar və karusellərdən istifadə etmək istəyənlər xoş olmayan sürprizlə üzləşmişdilər. Ərazidə  elektrik kəsilmişdi. Dedilər ki, işıqların sönməsi texniki nasazlıqla bağlıdır.

Az sonra işıqlar yandı ,karusellər işə düşdü.

Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov dedi ki, bu aksiyanı mütəmadi olaraq həyata keçirirlər. Bu gün istifadə edə biməyənlər növbəti dəfə istifadə edər: "Aksiyanı şənbə-bazar günləri keçirə bilmərik. Çünki həmin günlərdə bulvara gələnlərin sayı onsuz da çox olur".

 

Valideyinlərin bəziləri bu qarışıqlığın günahını özlərində gördü: "Günah bizdədir, növbə ilə dayansaq, heç bir problem çıxmaz".

Karuselə nəzarət edən şəxs də valideyinlərin belə sıxlıq yaratmasına narazılıq etdi.

Bütün bu problemlərə baxmayaraq, balacalar qısamüddətli olsa da, sevinə bildilər.

Müəllif | Apa.Tv
Almaz Qasımova