Milli Məclisdə büdcə müzakirələri

Milli Məclisin plenar iclasında 2014-cü ilin dövlət büdcəsinin müzakirəsinə başlanılıb. “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi haqqında danışan Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda MDB ölkələri arasında ÜDM-in adambaşına düşən həcminə görə liderdir və yaxın 4-5 ildə Azərbaycanda ÜDM-in həcmi 100 mlrd. ABŞ dolları civarında olacaq. Ziyad Səmədzadə deyib ki, Dövlət Gömrük Komitəsinin dövlət büdcəsinin daxilolmalarındakı payı 8,2 faiz olacaq. Gələn ilin dövlət büdcəsində sosial sahələrə ayrılan maliyyənin miqdarı büdcənin 26,6 faiz həcmində və ya 5 milyard 300 milyon manatdan çox yer tutur.


APA TV-nin xəbərinə görə, qanun layihəsi ilə bağlı aparılan müzakirələr zamanı çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycanın ÜDM-in həcminin 2014-cü ildə 5%, qeyri-neft sektorunun isə 10% artacağı proqnozlaşdırılır. Nazir qeyd edib ki, büdcə xərclərinin tərkibində isə əsas yeri sənaye və tikinti xərcləri , dövlət əsaslı vəsait qoyuluşları tutacaq. Bu ilin proqnoz göstəricilərinə nisbətən büdcə gəlirlərinin 4,0 faiz azalacağı, xərclərin 1,1 faiz, kəsirin isə 2,4 dəfə artacağı gözlənilir. Çıxışının sonunda maliyyə naziri millət vəkillərini dövlət büdcəsi haqqında qanun layihəsini qəbul etməyə çağırıb.

 

Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsinin layihəsində neftin baza qiyməti bir barelə 100 ABŞ dolları, sonrakı 3 il üçün isə 80 dollar səviyyəsində nəzərdə tutulduğunu deyən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, gələn il Azərbaycanın qeyri-neft sektorunun 10 faiz, növbəti 3 ildə isə 8 faiz artacağı gözlənilir. Xarici ticarət dövriyyəsinin 10 faiz artacağı, müsbət saldonun həcminin isə 15,3 mlrd. dollar olacağı proqnozlaşdırılır. İnvestisiyaların 70 faizi daxili mənbələr hesabına maliyyələşdiriləcək. Nəticədə, gələn il tikinti sektoruna 6,6 mlrd. manat həcmində investisiya yatırılacaq.

 

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 2014-cü ilin büdcə zərfində mənzil-kommunal sahələrinə ayrılan məbləğin çoxluğuna etiraz edib. O bildirib ki, bu vəsaitləri daha da azaltmaq və başqa sosial layihələrə yönəltmək mümkündür.


4 gün davam edəcək iclaslarda gələn ilin dövlət büdcəsinə dair müzakirələr aparılacaq. Sessiyaların gündəliyində 6 məsələ müzakirə ediləcək.

Müəllif | Apa.Tv