Bakıda reyd zamanı NARKOMAN AVTOBUS SÜRÜCÜSÜ aşkarlandı
Nəqliyyat Nazirliyinin Bakıda keçirdiyi reyd zamanı avtobus sürücülərindən birinin narkoman olduğu aşkarlanıb. APA TV-nin xəbərinə görə, Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov deyir ki, avtobus qəzalarının qarşısını almaq üçün marşurut xətlərinin sayı 172 endirilib. 210-a yaxın sahibkar arasında ixtisarlar aparılaraq, 35-ə endirilib: "175 nömrəli avtobusda qəza baş vermişdi. Həmin sürücünü xətdən həm uzaqlaşdırdıq, həm də həmin xətt o sahibkardan alınıb, başqasına verildi".
Keçirilən reydlər zamanı sürücülük vəsiqəsi olmayan, təcrübəsiz gənclərin iritutumlu marşrut avtobusları idarə etdiyi aşkarlanır. Həmin vaxt marşrutlardakı bu cür sürücülər xətdən uzaqlaşdırılır. Amma görünür, bu da məsələni kökündən həll etmir. Elə bu səbəbdəndir ki, hər gün qəza xəbərləri gəlir: "Biz araşdırma aparmışıq, 9 ayda 217 sürücüdə D kateqoriyası yoxdur. 131 nəfər sürücüdə ümumiyyətlə, sürücülük vəsiqəsi olmayıb. Bu, artıq özbaşınalıqdır. Belə çıxır ki, sahibkar küçədən keçən bir adamı gətirir, avtobusu etibar edir".
Bu ilin ilk 9 ayında ölkə ərazisində 2157 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 872 nəfər ölüb, 2303 nəfər yaralanıb.