Prezident İlham Əliyevə Türkiyədə "Dövlət Nişanı" verildi
Türkiyədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevə Türkiyə prezidenti tərəfindən “Dövlət Nişanı” verilib. APA TV-nin xəbərinə görə, İlham Əliyev də əvəzində Abdullah Gülə “Heydər Əliyev” ordenini təqdim edib. Tədbirdə çıxış edən Abdullah Gül Türkiyənin ən yüksək medalının İlham Əliyevə verilməsindən sevinc duyduğunu bildirib. O, medalın iki ölkə arasında münasibətləri daha da şərəfləndirəcəyini vurğulayıb. Abdullah Gül “Dövlət Nişanı”nın daha öncə Heydər Əliyevə də təqdim olunduğunu xatırladıb.
Türkiyə prezidenti Azərbaycanla dostluq və qardaşlıq münasibətlərinə önəm verdiklərini deyib. Prezident İlham Əliyev isə çıxışında bu günün əhəmiyyətinə diqqət çəkib. Türkiyənin Azərbaycan üçün ən yaxın dost, qardaş və müttəfiq olduğunu söyləyən İlham Əliyev iki ölkə arasındakı birliyin bütün bölgə üçün həyati önəm daşıdığını qeyd edib: “Türkiyə nə qədər güclü olsa, Azərbaycan da o qədər özünü güvəndə hiss edəcək. Biz istəyirik ki, birliyimiz əbədi, sarsılmaz olsun”.
Təltifetmə mərasimi başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdullah Gülün görüşü olub.
Görüşdə Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Görüşdən sonra prezidentlər mətbuata bəyanatlarla çıxışlar ediblər. Prezident İlham ƏLiyev deyib ki, dünyada bir-birinə yaxın olan xalqlar kifayət qədər çoxdur. Amma heç bir halda bu xalqlar bir-birinə Azərbaycan və Türkiyə qədər yaxın olmur. "Bizim birliyimiz, müttəfiqliyimiz dərin tarixi köklər üzərində qurulub. Azərbaycan dövlət müstəqilliyini elan etdiyi gündə bizi ilk tanıyan qardaş Türkiyə olub. Türkiyə bizim üçün ən yaxın dost, qardaş və müttəfiq ölkədir”.
Prezident qeyd edib ki, son 10 ildə Türkiyədə 16 dəfə səfərdə olub və hər səfərində böyük dəyişikliklər görüb: “Azərbaycanın ərazi bütövlüyü Türkiyənin önəm verdiyi əsas məsələdir”. Bu sözləri isə prezident Abdulla Gül deyib: “İkitərəfli münasibətlərdə çox önəmli böyük iqtisadi layihələr – enerji, qaz, nəqliyyat layihələrini nəzərdən keçirdik. Ayrıca, Azərbaycanın milli məsələsi, bizim də milli məsələmiz olaraq baxdığımız Azərbaycanın ərazi bütövlüyü və işğal altındakı torpaqların azad edilməsi məsələlərini nəzərdən keçirdik. Bu problemlər şübhəsiz ki, Türkiyənin ən çox önəm verdiyi məsələlərdən biridir. Ümid edirəm ki, əvvəl-axır bu məsələ həllini tapacaq. Bütün bunların diplomatiya yolu ilə gerçəkləşməsinə də böyük önəm veririk”.
Səfərdə Azərbaycan prezidentini xanımı Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri müşayiət edirlər.