Bakıda havada olan tozun miqdarı artıb - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri son 2 gün ərzində apardıqları monitorinq nəticəsində bu qənaətə gəliblər.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.
Bu toz hissəcikləri atmosfer axınları ilə, əsasən də cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana da gəlib.
Nazirlikdən bildiriblər ki, əlverişsiz meteoroloji şəraitlə bağlı sabah atmosferdə tozun miqdarı bir qədər də artacaq və proses martın 15-dən zəifləyəcək.