Prezident İlham Əliyev: “Türkiyə nə qədər güclü olsa, Azərbaycan özünü o qədər təhlükəsiz hiss edəcək"

"Azərbaycanın xarici siyasətinin prioriteti Türkiyə ilə əlaqələrdir".

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfəri zamanı iki ölkənin dövlət və hökumət rəsmiləri qarşısında çıxışı zamanı deyib. Türkiyə-Azərbaycan əlaqələrinin dünyada unikal olduğunu söyləyən Azərbaycan prezidenti iki dövləti tarix, etnik köklər, ortaq mədəniyyət və siyasi-iqtisadi maraqların birləşdirdiyini vurğulayıb: "Dünyada bir-birinə yaxın olan xalqlar kifayət qədər çoxdur. Amma heç bir halda bu xalqlar bir-birinə Azərbaycan və Türkiyə qədər yaxın olmurlar. Bizim birliyimiz, müttəfiqliyimiz dərin tarixi köklər üzərində qurulub. Azərbaycan dövlət müstəqilliyini elan etdiyi gündə bizi ilk tanıyan qardaş Türkiyə olub. Bizim xarici siyasətimizin prioriteti Azərbaycan-Türkiyə əlaqələridir. Bu əlaqələr bizim xarici siyasətimizi müəyyən edir. Türkiyə bizim üçün ən yaxın dost, qardaş və müttəfiq ölkədir”.

 

Son illərdə Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni pilləyə qalxdığını bildirən İ.Əliyev bu münasibətlərin bölgə və dünya üçün mühüm faktora çevrildiyini söyləyib.  Prezident qeyd edib ki, son 10 ildə Türkiyədə 16 dəfə səfərdə olub və hər səfərində böyük dəyişikliklər görüb: “Bu gün Türkiyə nə qədər güclü olsa, Azərbaycan özünü o qədər təhlükəsiz hiss edəcək. Türkiyə dostlar, tərəfdaşlar üçün cəlbedici ölkədir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olub. Ondan əvvəl Türkiyə BMT Təhlükəsizlik Şurasının üzvü olub. Əminəm ki, yenidən Türkiyə Təhlükəsizlik Şurasının üzvü olacaq. Çünki dünya miqyasında Türkiyəyə olan hörmət gündən-günə artır”.

 

Türkiyə prezidenti Abdullah Gül isə Azərbaycanın son illərdə qazandığı uğurlara diqqət çəkib. Abdullah Gül çıxışını "Yaşasın can Azərbaycan, yaşasın Türkiyə, yaşasın Türkiyə-Azərbaycan qardaşlığı" deməklə yekunlaşdırıb.

Müəllif | Apa.Tv