Qüdrət Həsənquliyev: "İran Yezid kimi hərəkət edir"
Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir. APA TV-nin xəbərinə görə, müzakirələrdə çıxış edən millət vəkili İqbal Ağazadə büdcənin formalaşmasında Dövlət Neft Fondundan transferlərin azalmasını müsbət dəyərləndirib. Ölkə iqtisadiyyatının inkişafı üçün özəl sektorun inkişaf etdirilməsinin vacib olduğunu deyən İqbal Ağazadə maliyyə naziri Samir Şərifovun qiymət artımı barədə anons verdiyini bildirib: “Bu, Azərbaycan vətəndaşlarını çox ciddi narahat edir. Ehtiyac nədən yaranıb? Niyə, Azərbaycanda, işığın qazın, suyun digər xidmət sahələrin bahalandırılmalıdır?”
İqbal Ağazadənin çıxışına etiraz edən Spiker Oqtay Əsədov bildirib ki, kommunal xərclərin artırılması barədə məlumata rast gəlməyib.
Millət vəkili Qüdrət Həsənquliyev isə İranla mövcud problemə toxunub: “İran Naxçıvanda insanların yollarını bağlayıb, qadınları uşaqları yollarda qoyub. Rusiyada miqrantlara qarşı bir hücum başlayır, həmçinin, buradan da İran fəaliyyətə keçir və Rusiya ilə birgə hərəkət edir. Yayda Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə Milli Şura yaradılanda İrana bağlı adamlar da oraya qoşulmuşdular. İranın tör-töküntüləri də o vaxtı Milli Şuraya qoşuldular. Düzdür, sonradan onların bir çoxu dedi ki, üzv olduqlarından xəbərləri olmayıb, onları elə-belə üzv yazıblar-filan. İndi də eyni proses gedir. Vaxtilə Yezid İmamın adamlarını təslim etmək üçün onları suyunu kəsmişdi, indi də İran eyni qaydada hərəkət edir”.
Onun sözlərinə görə, Milli Məclis bu məsələyə etiraz etməli və məsələ ilə bağlı İslam Əməkdaşlıq Təşkilatına və İslam Konfransına müraciət etməlidir.
Spiker Oqtay Əsədov isə ölkəmizin İranla probleminin olmadığını diqqətə çatdırıb: “Elə danışırsınız, elə bil, Azərbaycanın üstünə səlib yürüşü başlayıb. Elə şey yoxdur. İran da bizim qonşu dövlətdir və arada yaranan texniki problem də yoluna qoyulmaq üzrədir. Xahiş edirəm, bu cür məsələlərdə diqqətli olun”.
3 gün davam edəcək iclaslarda gələn ilin dövlət büdcəsinə dair müzakirələr aparılacaq.